Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,989
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Fev
    Digər Beynəlxalq Ana Dili Günü üçün şərhlər bağlıdır

    Ana dilimizi qoruyaq və inkişaf etdirək

    Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.
                                                                                           Heydər Əliyev, Ümummilli Lider

    Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
    Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
    Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
    Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
    2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Daha ətraflı »

  • 28Fev
    Digər XX ƏSRİN DƏHŞƏTLİ SOYQIRIMI–XOCALI FACİƏSİ üçün şərhlər bağlıdır

    Allah Prezidentimizi qorusun, sağolsun Azərbaycan Ordusu,

    xocalıların qisası qiyamətə qalmadı

    Xocalıdan olan bir ailənin qonağıyıq. Xocalı adı gələndə acı xatirələrdən qovrulan, ürəkləri parçalayan kəlmələri çətinliklə dilə gətirən Kərəm kişinin ailəsində. Söhbətimiz kədərli və çox uzun olsa da, hər danışılan əhvalatdan sonra bu kəlmələri eşidirik: “Allah Prezidentimizi qorusun, şükürlər olsun bu günlərə. Allah Böyük Qələbəni bizə qazandıran şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

    Ermənistan baş nazirinin yalanlarına Prezident İlham Əliyevin tutarlı cavabları

    Rayonumuzun Hüsənli kəndində məskunlaşan Kərəm Abbasovla ilk söhbətimiz bu günlərdə Prezident İlham Əliyevin Münxenə səfəri, onun burada keçirdiyi görüşlər ətrafında oldu. O bildirdi ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları Aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın gedişini çox diqqətlə izləyib. Kərəm kişi deyir ki, Paşinyanın uydurma çıxışını eşidəndə əsəbini cilovlaya bilməyib: “O cür yalan danışmaq nəinki dövlət rəhbərinə, heç balaca uşağa da yaraşmaz. İllərdir torpaqlarımızın altındakı sərvətlərimizi ermənilər və onların havadarları daşıyıblar. Evlərimizi qarət, məscidlərimizi təhqir ediblər. Əvəzində isə hər addımda mina basdırıblar. İşğal altında olan yerləri elə bir günə qoyublar ki, indi də insanlar mina partlaması nəticəsində ya həlak olur, ya şikəst qalırlar. Hələ utanmadan ermənilərin rastlaşdıqları humanitar böhrandan danışırlar”.
    Söhbətimizə Kərəm kişinin həyat yoldaşı Sitarə xanım da qoşulur: “Prezident İlham Əliyevin Münxendəki çıxışını dinlədikcə ürəyimiz dağa döndü. Prezidentimiz yaxşı dedi ki, “… Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər”.
    Bu fikri Kərəm kişi davam etdirdi: “Prezidentimiz yaxşı dedi ki, biz öz torpaqlarımızda vuruşurduq, ona görə Ordumuzda bir nəfər də fərari olmadı. Ermənilər isə silah-sursatı atıb qaçırdılar, çünki onlar özgə torpaqlardaydılar. 44 günlük müharibədə ermənilər dinc sakinləri də hədəfə alırdılar. Amma bu da bizim insanlarımızı qorxutmurdu”.
    Vətən müharibəsi günlərində və bundan sonra işğaldan azad edilmiş ərazilərə gələn xarici qonaqlar kimin humanist xalq, kimin isə təcavüzkar olduğunu gördülər. Ermənistan nə qədər səy göstərsə də, tarixin bu qara ləkəsini üzərindən silə bilməyəcək. Daha ətraflı »

  • 28Fev
    Digər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır

    “Xocalının səsi” Tərtərdə çap olunurdu

    Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

    –Kəlam müəllim, biz bilirik ki, müharibə dövründə “Xocalının səsi” qə-zetinin Tərtərdə çıxmasına şəxsən Siz kömək etmişsiniz. Xahiş edirik bu barədə məlumat verəsiniz.
    –Yaşadığımız rayon da cəbhə bölgəsi olduğu üçün Xocalı qəzetinin rast gəldiyi çətinliklər, onun nəşri ilə bağlı problemlər bizə yaxşı tanış idi. Ona görə də həmkarlarımızı darda qoymadıq, “Xocalının səsi”nin respublikaya yayılmasına yardımcı olduq. Qnda hələ Xocalı faciəsi baş verməmişdi.
    Qəzetin redaktoru Sərdar Mehdiyevin dediyinə görə, o zaman nəşr üçün dövlət orqanlarına müraciət edilsə də kömək göstərilməmişdi. Əlac yenə özlərinə qalmışdı. Bərdə mətbəəsi “Xocalının səsi”ndən üz döndərmiş, ona görə də həmkarlarımız Tərtərə üz tutmuşdular. Fevralın ilk günlərindən (1992-ci il) qəzet Tərtərdə çap olunmağa başladı. Qəzetin kollektivilə yaxın münasibətdə olduğumuz üçün onların dərd-sərlərini yaxşı bilirdik. O vaxtlar əməkdaşlar tərəfindən qəzetin Xocalıya necə çətinliklə çatdırıldığının canlı şahidiyik. “Xocalının səsi” özünə “Torpaq, haqq, ədalət uğrunda” devizini seçmişdi. Onlar baş verəcək faciəni əvvəlcədən görürdülər. Ancaq bütün çağırışlara əhəmiyyət verilmədi və bu dəhşətli faciə törəndi. Daha ətraflı »

  • 28Fev
    Digər TARİXİMİZİN QANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Xocalı faciəsi nəinki Azərbaycanın, dünya tarixinin ən qanlı səhifələrindən biridir. 31 il bundan əvvəl, soyuq bir qış günündə erməni terrorçuları Sovet Ordusunun 366-cı alayının iştirakı ilə 613 insanı qətlə yetirdilər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qo-canı. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq, müxtəlif dərəcədə yaralanaraq ömürlük şikəst qalmışdır. 1275 insan əsir götürüldü. Onlardan 150-nin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
    Fransalı jurnalist Jan İv Yunet bu barədə belə yazıb: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, dinc sakinləri öldürərək, onlardan da irəli getmişlər”. Bu hadisəni ilk olaraq işıqlandıranlar Seyidağa Mövsümlü və Çingiz Mustafayev olublar. Onların çəkdikləri foto və videomateriallar əsasında biz dünyaya Xocalı faciəsinin baş verdiyini sübut edə bildik. Xocalıda baş verənlərin işıqlandırılmasında litvalı jurnalist, Azərbaycan xalqının yaxın dostu Riçard Lopaytisin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz onun təqdim etdiyi fotoşəkillər əsasında “Sonsuz dəhliz” filmi işıq üzü görüb.
    Ümummilli Lider Heydər Əliyevin 1 mart 1999-cu il tarixli Fərmanına əsasən fev-ralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
    Xocalı faciəsinin qurbanları heç zaman unudulmayacaq!
    Hazırda Tərtər rayonunda 18 ailə, 56 nəfər Xocalı sakini məskunlaşıb. 31 il ərzində ürəklərində Xocalı boyda bir dərdi gəzdirən bu insanlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

    Günay ƏLİZADƏ,
    şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi

  • 24Fev
    Digər XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir üçün şərhlər bağlıdır

    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

    “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

    Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

    Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.

    Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Daha ətraflı »

  • 22Fev
    Digər Prezident İlham Əliyevin plenar iclasdakı çıxışı böyük maraqla qarşılanıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda çıxış edib.

    Qeyd olunub ki, tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər.

    Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik.

    Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır.

    Dövlətimizin başçısı deyib ki, Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik. Buna görə Avrasiyada sülhün bərqərar olmasını istəyirik.

    Hazırda Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin üzərində işlər aparılır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar.

    Biz hamımız regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olmasını başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri.

    Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.

    Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox. Daha ətraflı »

  • 20Fev
    Digər 11 illik şərəfli inkişaf yolu üçün şərhlər bağlıdır

    Tərtərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əməkdaşlarının peşə bayramı və Xidmətin yaradılmasının 11-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, qazilər iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
    Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirilib.
    Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
    Rayon icra hakimiyyəti-nin başçısı Müstəqim Məmmədov tədbir iştirak-çılarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü və peşə bayramları münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Onlara səfərbərlik hazırlığının yüksəldilməsi istiqamətində apardıqları şərəfli və mə-suliyyətli işlərində uğurlar diləyib.
    Rayon rəhbəri ötən dövr ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçdiyini, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verdiyini qeyd edib. Bildirib ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi gücləndirilib, orduda fərarilik halları aradan qaldırılıb. Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli hərbi xidmətə çağırılmasının təşkili sahəsində uğurlar əldə olunub. Daha ətraflı »

  • 20Fev
    Digər Rayonumuzun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib üçün şərhlər bağlıdır

    Bu günlərdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və rayon təhsil sektorunun təşkilatçılığı ilə Gənclər və İdman İdarəsinin inzibati binasında rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
    Rəsm müsabiqəsinə məktəblilərin çəkdiyi 36 rəsm təqdim olunub.
    Rayonun Gülabatlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Sarıyeva Könül Natiq qızı I yerə, Əskipara kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Salmanzadə İlkin Əlövsət oğlu II yerə, Səhlabad kənd tam orta məktəbinin 6-cı sinif şagirdi Babayev Yusif İlham oğlu III yerə layiq görülüblər. Qaliblərə YAP Tərtər Rayon Təşkilatı tərəfindən Təşəkkürnamə təqdim olunub.
    Əməkdaşımız Elfuzə Vəliyeva müsabiqədə I yerə layiq görülən Könül Sariyevanı redaksiyamıza dəvət edərək, onun haqqında yazı hazırlayıb.

    Rəsm yarışmasının qalibi

    Könül Sarıyeva əmisi, Birinci Qarabağ Müharibəsi şəhidi Ərşad Sarıyev adına Gülabatlı kənd tam orta məktəbin 8-ci sinif şagirdidir. Dərs əlaçısıdır. Könülgil ailədə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Hər üçü həm ailənin, həm də təhsil aldıqları məktəbin fəxridirlər.
    2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi hamı kimi bu çalışqan şagirdlərin də məsuliyyətini artırmışdır. Bu yaxınlarda “Heydər Əliyev ili”nə həsr olunmuş ümumtəhsil məktəbləri arasında keçirilən rəsm yarışmasında Könül Sarıyeva da iştirak edib. O, ağ parça üzərində fonda Azərbaycanın xəritəsi üzərində Ulu Öndər Heydər Əliyevin portretini işləyərək yarışmanın qalibi olub və birinci yeri tutub. Bununla əlaqədar Könüllə əlaqə saxlayıb fikirlərini öyrəndim. Söhbət zamanı məlum oldu ki, onun rəsmləri 5-ci sinifdə oxuduğu vaxtdan sərgilənir. “Şuşa ili” ilə əlaqədar “Xarı bülbül”, Xocalı hadisələrinə həsr olunmuş”Ana və övladı” tikmələri müvafiq müsabiqələrdə ona uğurlar qazandırıb. Rəsm çəkmək, parçalar üzərində onları işləmək Könülün boş vaxtlarının məşğuliyyəti hesab olunur. Bu işdə anası Ülviyyənin köməkliyi olub. “Könlüm keçir Qarabağdan“, “20 Yanvar” onun sevə-sevə işlədiyi rəsmlərdir. Daha ətraflı »

  • 15Fev
    Digər Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edib.

    O bildirib ki, bundan sonra ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq.

    Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.

    Prezident deyib ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.

    Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

    2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi. Daha ətraflı »

  • 14Fev
    Digər Türkiyədə baş vermiş acı faciənin aradan qaldırılmasına bütün Azərbaycan xalqı dəstək göstərir üçün şərhlər bağlıdır

    Fevralın 6-da  Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə birinci olaraq yardım əlini uzadan Azərbaycan olub. Bu yardım həm dövlət səviyyəsində, həm də könüllü olaraq bütün xalq tərəfindən göstərilir. Hər kəs baş verənləri öz ağrı-acısı kimi qəbul edərək, əlindən gələn yardımı etməyə çalışır.

     Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib. Prezident İlham Əliyev, həmçinin zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.

    Fevralın 6-da Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon zəngi etmişdir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi”yini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edib: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edib: “Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf  bilirik”. Daha ətraflı »