21Yan
Balakəngərli kəndində yanvar ayının 8-də Mərkəzi Kliniki Gəncə Xəstəxanasında açıq ürək əməliyyatı keçirmiş Vətən müharibəsinin ikinci dərəcəli əlili Salmanlı İlqar İlham oğlu yaşadığı evdə rayon rəhbəri tərəfindən ziyarət edilib.
İlqar Salmanlı Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Qazimiz ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
21Yan
20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsi
Tərtər rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “20 Yanvar yaddaş kitabımızın qanlı səhifəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatı və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə rayonun 49 ümumtəhsil məktəbinin şagirdləri iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Fərəc Rzayev, Təhsil sektorunun nümayəndəsi La-miyyə Məmmədova, Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova çıxış edərək 20 Yanvar hadisələrinin 35-ci ildönümünün “Konstitutsiya və suverenlik ili”ndə keçirilməsindən, 20 Yanvar şəhidlərinin yalın əllə tankların qarşısına çıxaraq suverenliyimizə, müstəqilliyimizə uzanan xain əllərə etirazlarını bildirməsindən, 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, qanlı hadisənin xalqımızın qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildiriblər.
Sonra müsabiqəyə start verilib.
21Yan
Hacıqərvənd kənd Elnur Muradov adına tam orta məktəbində 20 Yanvar faciəsi ilə əlaqədar olaraq məktəbin Təsviri incəsənət müəllimi Ayşən Qələndərlinin və Vlll sinif şagirdlərinin iştirakı ilə rəsm sərgisi keçirilib. Sərgidə şagirdlərin çəkdiyi şəkillər nümayiş olunub.
Ayşən Qələndərli qeyd edib ki, 20 Yanvar 1990-cı il tarixində rus imperiyasının qoşunları Bakıya, dinc əhalinin üstünə yeridilərək, dünyada görünməyən vəhşiliklə kütləvi qırğınlar törətmişlər. Bu hadisələr Azərbaycan xalqının müstəqillik arzusunu alovlandırdı, insanlarımızın vətənpərvərliyini, qorxmazlığını dünyaya nümayiş etdirdi.
Şagirdlərin çəkdiyi rəsmlərdə bu səhnələr əks olunub.
21Yan
Bəyimsarov kəndində yeni pilot layihə həyata keçirilir
Tərtər rayonunun gələcək inkişafına töhfə vermək məqsədi ilə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən Bəyimsarov kəndində yeni pilot layihənin həyata keçirilməsinə başlamışıq. Bu məqsədlə rayon rəhbəri Müstəqim Məmmədovla birlikdə qonaqlar–Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Türkiyə EQE Universitetinin professoru Beyliş Təkin, Aqrar elmlər doktoru, professor Nizami Seyidəliyev, ADAU-da kafedra müdiri, professor Mirnaib Mirsalahov, İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Hətəmov Bəyimsarov kəndində olduq. Fürsətdən istifadə edərək həmçinin kənd təsərrüfatında çalışan fermerlər və sahibkarlarla görüş keçirdik, onları kənd təsərrüfatında tətbiq edilən innovativ üsullarla tanış etdik.
Qeyd etmək istəyirəm ki, müasir şəraitdə kənd təsərrüfatının dinamik inkişafının təmin edilməsi bu sahədə innovasiyaların mənimsənilməsi ilə bağlıdır. İnnovasiyalar iqtisadiyyatın aqrar sektorunda istehsalın texniki, texnoloji və təşkilati əsaslarının yeniləşməsi bazasında məhsuldarlığın artırılmasında, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsində başlıca rol oynayır. Kənd təsərrüfatının innovasiyalı inkişafı, həmçinin aqrar sahədə fəaliyyətlə bağlı dayanıqlı inkişaf məsələlərinin həllinə, ilk növbədə torpaq və su resurslarının qorunması və səmərəli istifadəsinə əlverişli imkanlar yaradır. Bu baxımdan kənd təsərrüfatında innovasiyaların geniş yayılması qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı həm də ekoloji tarazlığın gözlənilməsinin mühüm amilləri sırasına daxil edilir. Daha ətraflı »
21Yan
ÜMİD ÇIRAĞI HEÇ ZAMAN SÖNMÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına verdiyi müsahibədə deyib: “ İndiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır.
Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgələrdən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur”.
Belə ailələrdən biri də Vedibasarın Çimən kəndindən olan Məhərrəm Pənah oğlu Hacıyevin ailəsidir.
Bu kəndin adı əvvəlcə Çimənkənd olub. Çimənkənd Vedibasar mahalının Cığındərə bölgəsində, Böyük Vedi qəsəbəsindən 9 kilometr şərqdə, Vedi çayının kənarında, Aşağı Qarabağlar kəndinin yanında yerləşir.
1920-ci ilədək kənddə ancaq azərbaycanlılar yaşayıb. 1922-1988-ci illərdə azərbaycanlılarla ermənilərin yanaşı yaşadığı kənd olub. Sonralar kəndin adı Çimən kimi formalaşıb.
Məhərrəm Pənah oğlu Hacıyev 1898-ci ildə bu kənddə anadan olub. O, Vedibasar eli-nin hörmətli və varlı adamlarından olan Kərbəlayı İsmayılın qardaşı oğlu idi. 1918-1921-ci illərdə Vedibasar kəndlərinin erməni daşnaklarından müdafiəsində Kərbəlayı İsmayılın başçılığı ilə Hacıuşağı tayfasının igidləri qəhrəmanlıq göstəriblər. 1929-1931-ci illərdə Vedibasarda kolxozlaşmaya qarşı qiyamın başında da Kərbəlayı İsmayıl dayanıb.
Məhərrəm Pənah oğlu atasını gənc yaşlarında itirir. Onlar ailədə üş qardaş, bir bacı imişlər. Atalarının vəfatından sonra ailənin bütün ağırlığı anası Mirəsə xanımın və gənc Məhərrəmin üzərinə düşür. Məhərrəm Pənah oğlu ilə Abbasqulu bəy Şadlinski arasında da qohumluq əlaqələri vardı.
Vedibasarın başı üstünü erməni təcavüzü təhlükəsi alanda, 19 yaşlı Məhərrəm Pənah oğlu əlinə silah götürüb, ilk günlərdən daşnaklara qarşı cəsarətlə vuruşur. O, 1920-1921-ci illərdə fəaliyyət göstərmiş “Qırmızı tabor”un rota komandiri olub və bu zaman göstərdiyi xüsusi qəhrəmanlıqlara görə 1921-ci ildə “Qırmızı Bayraq” ordeni ilə təltif edilib. Daha ətraflı »
21Yan
Şəhid Şamil İsmayıllıya həsr olunan tədbir
Azər Məmmədov adına Dəmirçilər kənd tam orta məktəbin məzunu, Dəmirçilər kənd sakini şəhid İsmayıllı Şamil Kamil oğlunun anadan olduğu gün münasibəti ilə şəhidin abidə kompleksinin qarşısında anım mərasimi keçirildi.
Məktəbin müəllim və şagird kollektivi tədbirdə fəal iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin müəllimi Şükür Tağıyev açaraq dedi ki, Şamil 4 yanvar 1992-ci ildə Dəmirçilər kəndində anadan olmuşdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişdir. Cəsur döyüşçü məktəbimizin fəal və vətənpərvər şagirdi idi. Minamyot-cu Şamil Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Şəhidin dəfn mərasimi günü çox ağır döyüşlər davam edirdi. Rayonumuz dayanmadan düşmən tərəfindən atəşə tutulurdu. Buna baxmayaraq, rayon rəhbərliyi, döyüş yoldaşları, kənd sakinləri doğmaları ilə bərabər onu son mənzilə yola salmağa gəlmişdilər. Şəhid Şamil İsmayıllının 2 qız övladı halhazırda Dəmirçilər kənd məktəbində təhsil alır.
Anım mərasimində çıxış edənlər onun cəsurluğu və cəsarəti haqqında ağızdolusu danışdılar və xatirələrini dilə gətirdilər.
21Yan
Bu günlərdə kəndimizin girişində Dəmirçilər kəndinin sakinləri, I Vətən müharibəsi şəhidləri Fikrət Rzayev və Səməd Qənbərovun xatirə lövhəsinin açılışı oldu.
Açılışda Azər Məmmədov adına Dəmirçilər kənd tam orta məktəbin müəllim və şagird kollektivi, şəhidlərin ailə üzvləri və kənd sakinləri iştirak etdilər. Açılış mərasimini giriş sözü ilə məktəbin müəllimi Şükür Tağıyev açdı. O, şəhidlərin keçdiyi həyat yolu və döyüşlərdə göstərdikləri qəhrəmanlıq haqqında məlumat verdi. Dedi ki, Fikrət Rzayev Çıldıran kəndi uğrunda gedən döyüşdə, Səməd Qənbərov isə Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Şəhid döyüşçülərin yaxınları Şahin Xudabəndəyev və Ələddin Qənbərov öz xatirələrini dilə gətirdilər.
Qktay MƏMMƏDOV
veteran müəllim
21Yan
Problem operativ həll olundu
Bu yaxınlarda başçılıq etdiyim təsərrüfatda su problemi yaranmışdı. Heyvandarlıq və əkinçiliklə məşğul olan təsərrüfatda isə bir gün suyun olmaması ciddi çətinliklər yaradır.
Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdim. Burada məni çox səmimi qarşıladılar. İdarənin müdiri Murad Zeynalovun göstərişi ilə subartezian quyusunun nasosu operativ qaydada çıxarıldı. Öz peşəsinin ustası olan insanların işgüzarlığı və rəhbərliyin bir məmur kimi vəzifəsinə vicdanla yanaşması sayəsində cəmi bir gün ərzində quyunun nasosu yenidən yığıldı və problem aradan qaldırıldı. Vətəndaş məmnunluğu təmin edildi. Həmçinin təsərrüfat işlərinin ləngiməsinə yol verilmədi.
Təsərrüfat rəhbəri kimi Murad müəllimə və onun kollektivinə cari ildə – “Konstitusiya və Suverenlik ili”ndə işlərində uğurlar və cansağlığı arzulayıram.
Əminəm ki, rayonumuzun iqtisadiyyatının daha da möhkəmləndirilməsində bu işgüzar kollektivin də sanballı payı olacaq.
Anar ƏLİYEV,
Hüsənli kəndində Eksperimental Cins
Damazlıq MMC-nin rəhbəri
21Yan
Suvarma kanalları təmizdirsə, deməli, su itkisi olmayacaq. Hər kəs öz əkin sahəsini vaxtlı-vaxtında suvara biləcək.
Bu günlərdə Mamırlı kəndində rayon rəhbərinin keçirdiyi səyyar-qəbul görüş zamanı edilən müraciət əsasında Tərtər Su Meliorasiya Sistemləri İdarəsinin işçiləri tərəfindən həmin kənddən keçən suvarma kanalları təmizlənib. Bu işdə idarənin maşın-mexanizmlərindən səmərəli istifadə edilib. Ümumilikdə suvarma kanallarında 700 metrlik məsafədə təmizlənmə tədbirləri aparılıb.
Sakinlər müraciətlərinin operativ həll olunduğu üçün razılıqlarını bildiriblər.
“YENİ TƏRTƏR”
21Yan
Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”.
Ulu Öndər hesab edirdi ki, təhsilin səviyyəsini yüksəltmək üçün onun maddi-texniki bazası möhkəmləndirilməli, müəllimlərin maddi durumu yaxşılaşdırılmalıdır. Odur ki, Ümummilli Lider bu istiqamətdə əməli tədbirlər görür, konkret addımlar atırdı. Mən 1999-cu ildə orta məktəbi bitirərkən, bizim 100 yaşlı məktəbimiz köhnə uçuq binada yerləşirdi. 2003-cü ildə isə doğma məktəbimizdə –Tərtər şəhər 1 saylı tam orta məktəbdə biologiya müəllimi kimi fəaliyyətə başlayanda artıq məktəbimiz üçün müasir üslubda yeni bina tikilmişdi. Əlbəttə, belə şərait həm müəllimlər, həm də şagirdlər üçün olduqca fərəhli idi. Beləcə, təhsilə qoyulan sərmayə, göstərilən qayğı və diqqət tezliklə nəticəsini verməyə başladı. Azərbaycanda savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc nəsil yetişdi.
Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də ölkədə təhsilin inkişafında böyük uğurlara imza atır. Hazırda həm dövlət hesabına, həm də Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycanın ən ucqar kəndlərində belə müasir standartlara cavab verən məktəb binaları tikilir. Müəllimlərin bilik səviyyəsinin yüksəldilməsi, onların öz üzərlərində daha ciddi işləməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Bu, zamanın tələbidir. Həyatımız sürətlə dəyişdiyi kimi, təhsilimiz də inkişaf etməli, yenilənməlidir. Bunu tədris etdiyim biologiya fənnində də görürəm. İndiki biologiya bir neçə il bundan əvvəl bildiyimiz fənn deyil, burada nə qədər yeniliklər baş verir. Fənlərin inteqrasiyası da çox sürətlə gedir. Əgər əvvəllər biologiyanı tədris etmək üçün yalnız bu fənnə aid dərslikdəki mövzuları bilməliydiksə, indi biologiya müəllimi riyaziyyata, digər elmlərə bələd olmadan şagirdlərinə mükəmməl bilik verə bilməz. Odur ki, təhsil sahəsindəki islahatları vaxtı çatmış məsələ kimi qəbul edirik. Daha ətraflı »
Yeni ismarıclar