Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Mar
    Digər XARİCİ GÖRÜNÜŞLƏ DAXİLİ ZƏNGİNLİK VƏHDƏT TƏŞKİL EDİR üçün şərhlər bağlıdır

    Rayonumuzun qadınları Məlahət İbrahimovanı yaxşı tanıyırlar (adı Məlahət olsa da, onu Gözəl deyə çağırırlar). Bəlkə ona görə Gözəl deyirlər ki, özü də gözəllik ustasıdır. 34 ildən çoxdur ki, sevimli peşəsi ilə qadınlarımızın xidmətindədir.
    Məlahət xanım deyir:
    –Mən Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra 1990-cı ildə Laçın şəhərində kollecdə təhsil alıb, dərzilik peşəsinə yiyələndim. Öz rayonumuzda məişət evində işləyirdim. 1992-ci ildə həyatımız dəyişdi. Ailəmiz məcburi köçkün kimi Tərtərə gəlib burada məskunlaşdı.
    Çətin günlərdə dərzilik peşəsi Məlahət xanıma çox kömək oldu. Tezliklə tərtərli qadınlar onu tanıdılar və səliqə-səhmanına, xasiyyətinə, mülayim təbiətinə görə çox sevdilər. Ailə qurdu, iki övlad anası oldu. Hazırda isə 4 gözəl nəvənin nənəsidir.
    Məlahət xanım deyir:
    –Tərtər Qadın Resurs Mərkəzi ilə tanışlığım həyatımda dönüş nöqtəsinə çevrildi. Burada biznes təlimlərinə qoşuldum və tezliklə anladım ki, indiyədək sahibkarlıqla bağlı müəyyən biliklərim olmayıb. Ona görə də çətinliklərlə rastlaşmışam. Burada biznes-plan tərtib etməyi öyrəndim, digər zəruri biliklərə yiyələndim və qalib oldum. Daha ətraflı »

  • 04Mar
    Təhsil ZİYALILARIMIZ üçün şərhlər bağlıdır

    Müəllimlik missiyası

    2020-ci ilin sentyabr ayı idi. Tərtər şəhəri və ətraf kəndlər dayanmadan düşmən tərəfindən atəşə tutulurdu. Həm cəbhədən, həm də elə mülki sakinlərdən şəhidliklə bağlı xəbərlər gəlirdi. Ancaq bu faciələrin, qəlbüzücü hadisələrin içində bir işıq seli də vardı. Ordumuz irəliləyirdi, qəhrəman əsgərlərimiz, ermənilərin dərsini verirdilər.
    Hamının fikri, istəyi bir idi: mümkün qədər bu qələbənin əldə olunmasına kömək etmək!
    Həmin günlərdə Sarıcalı kənd tam orta məktəbinin həyətində qəribə bir mənzərə vardı. Ocaqlar qalanır, odun üstündə qazanlar qaynayırdı. Ancaq ocağın ətrafındakılar şagirdlər deyildi. Bunlar məktəbin müəllimləriydi. Onlar əsgərlərimizə yemək bişirib göndərirdilər, həm yaralılara, həm də cəbhənin özünə. Ona görə yox ki, hərbçilərimizin nədənsə korluğu vardı. Yox, bu istək hər kəsin qəlbindən gəlirdi. Qadınların yanında hündürboylu, yaraşıqlı bir qız dayanırdı. Bu, məktəbin direktoru Vəsilə Mehdiyeva idi.
    Vəsilə müəllim 44 günlük Vətən müharibəsilə bağlı xatirələrini bizə danışdı:
    –O unudulmaz günlərdə düşmən heç nəyə məhəl qoymadan rayonumuzun mülki obyektlərini – məktəbləri, yaşayış evlərini, uşaq bağçalarını atəşə tuturdu. Bilirdik ki, məktəbə gəlmək çox təhlükəlidir. Ancaq heç birimiz evdə qalmaq istəmirdik. Sanki hamı bir güclü yumruğa çevrilmişdi, qorxu yox, qürur, sevinc, sonsuz fərəh hissləri keçirirdik. Ordumuz irəlilədikcə, bizlər də gücümüzün artdığını görürdük. Qadın müəllimlərimizin məhəbbətlə, ürəklərinin hərarətilə hazırladıqları bu xörəklər bəlkə hansısa bir yaralı əsgərə ana əllərinin sevgisini xatırlatmışdısa, biz özümüzü xoşbəxt hiss edirdik. Daha ətraflı »

  • 04Mar
    Milli-mənəvi dəyərlər OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK! üçün şərhlər bağlıdır

    Od Günəşin özüdür, zülmətin qənimidir

    Od insanın yaradılış prosesinin ikinci mərhələsidir. Od tərəqqidir, inkişafdır, işıqdır, istilikdir, qoruyucudur. Od Günəşin özüdür, enerji selidir, gündüzdür, qaranlığın, zülmətin qənimidir.
    Məhz odu əldə edəndən sonra insanlar oturaq həyata keçmişlər. Xalqımızın evə, ailəyə, yurda, müqəddəs yerlərə “ocaq” deməsi də təsadüfi deyil. Çünki odda-ocaqda bərəkət olar, mehribanlıq olar, birlik, vəhdət olar. Dünyada yalnız çağdaş Azərbaycana, əski Midiyaya “Odlar Yurdu” deyiblər. Qədim yunan mifologiyasında Prometeyin od almaq məqsədilə vətənini axtarmağa getməsi, Qaf dağına yetişməsi kimi işarətlər yalnız Azərbaycan üzərində dayanmağa əsas verir. Məhz bu ərazidə yerin altından canlı alovlar pərvaz-lanıb. Yeri gəlmişkən, Ərgənəkonda mühasirədə qalan türklər tarixdə ilk dəfə od yandırmaqla mühasirədən çıxıb öz ata-baba yurdlarının yolunu tapa bilmişdilər. Türklərin həyatında baş verən bu dirçəliş, yəni doğma yurda qayıdılan gün, yaz fəslinin əvvəlinə təsadüf edirdi. Məhz bu səbəbə görə də türklərin xaqanı hər il həmin tarixi günün xatirəsini yaşatmaq üçün böyük bir tonqal qalatdırıb iri bir çəkiclə atəş üzərinə qoyulmuş dəmirə zərbələr endirərək, yeni ilin gəlişini və bayramın başladığını elan edirdi.
    Qədim oğuzlarda da tonqal həmrəyliyə, birliyə çağırış rəmzi idi. “Kitabi-Dədə Qorqud”da deyilir ki, hündür yerdə bir tonqal qalananda xəbərdarlıq və səfərbərlik, ikisi – fəlakət və döyüşə çağırış, üçü – zəfər və təntənə demək idi. Zərdüştilərdə il ərzində keçirilən Cəngavərlərin Odu mərasimi (31 mart) və Səma Döyüşçüsü (10 sentyabr) bayramı da məhz odla əlaqəlidir. Daha ətraflı »

  • 04Mar
    Ədəbiyyat Bənövşə üçün şərhlər bağlıdır
    Vəsfini ustadlar, ozanlar yazıb,
    Çəkmirəm özümü önə, bənövşə.
    Hüsnü, təravəti verən veribdi,
    Nə yazım yaraşsın sənə, bənövşə?
    Açılıb qarışır mavin ağına,
    Ətrin həyat qatır bahar çağına.
    Gecədən can atır tər yanağına
    Səhərin şehi də qona, bönövşə.
    Gəlişinlə gəlir cana təbiət,
    Gül-naxış toxuyur hana təbiət.
    Görsə üşüyürsən, ana təbiət
    Bələyir dumana, çənə, bənövşə.
    Dönərsən, qəmlənmə xəzan yolanda,
    Əbədi solacaq Talıb solanda.
    Vücudum ovulub torpaq olanda
    Əy zərif boynunu mənə, bənövşə.
                                                              Talıb MƏMMƏDLİ
  • 26Fev
    Digər Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşüb.

    Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub.

    Qeyd edilib ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək.

    Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir.

    Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə

    görüşü çərçivəsində mətbuata bəyanatla çıxış edib.

    Dövlət başçısı bildirib ki, bu dinamika ölkələrimiz arasında sıx münasibətləri əks etdirir.

    Bu gün ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.

    Beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı mövqeyimiz və baxışlarımız tam üst-üstə düşür.

    Prezident İlham Əliyev deyib ki, bu gün imzalanmış razılaşmalar yalnız indicə gördüyümüz mərasimlə məhdudlaşmır.

    Bir çox sazişlər digər auditoriyalarda artıq imzalanmışdır. Beləliklə, cənab Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bir sözlə, onlar gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq. Sərmayə planlarımız əsasında, əminəm ki, ticari dövriyyəmizin artımını da görəcəyik.

    Diqqətə çatdırılıb ki, müzakirə etdiyimiz məsələlər arasında əsas hissə müdafiə, eləcə də müdafiə sənayesi sahələrində əməkdaşlığa həsr olunmuşdur. Daha ətraflı »

  • 25Fev
    Digər Xocalı faciəsi qurbanlarının qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı üçün şərhlər bağlıdır

    1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

    Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev bu barədə deyib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

    Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev soyqırım barədə deyib: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.

    Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi.

    İşğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrilmişdir.

    “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Daha ətraflı »

  • 25Fev
    Digər KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ–2025 üçün şərhlər bağlıdır

    Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının Prezidenti

    İLHAM ƏLİYEV VƏ DÖVLƏTÇİLİK İRSİ

    Azərbaycanın dövlətçilik ənənələri əsrlərin sınağından keçərək formalaşmış və müasir dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sovet İttifaqının dağılması ilə Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri siyasi və iqtisadi çətinliklərlə müşayiət olunurdu. Ölkə daxili çəkişmələr, iqtisadi böhran və xarici təhdidlər qarşısında idi. Hakimiyyətin qeyri-sabitliyi dövlət strukturlarının zəifləməsinə, sosial və iqtisadi problemlərin dərinləşməsinə səbəb olmuşdu. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Dağlıq Qarabağda baş verən müharibə ölkəni daha da zəiflətdi. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və dövlət quruculuğunun əsasını qoydu. Onun uzaqgörən siyasəti nəticəsində siyasi sabitlik təmin edildi, iqtisadi dirçəlişə başlanıldı və beynəlxalq aləmdə Azərbaycanın mövqeyi gücləndi. 1994-cü ildə “Əsrin müqaviləsi” adlı neft kontraktı imzalandı və bu, ölkənin iqtisadi inkişafının əsasını qoydu. Azərbaycanın enerji resurslarından səmərəli istifadə etməsi qlobal enerji bazarında mühüm rol oynamasına və iqtisadiyyatının güclənməsinə səbəb oldu.
    1995-ci ildə qəbul edilən Konstitusiya müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını müəyyən etdi. Bu dövrdən etibarən ölkədə iqtisadi, siyasi və hərbi sahələrdə köklü islahatlar aparıldı. Hüquq sistemi modernləşdirildi, dövlət idarəçiliyində şəffaflıq artırıldı və vətəndaş cəmiyyəti inkişaf etdirildi. Ordu quruculuğuna xüsusi diqqət yetirildi, müdafiə sənayesi gücləndirildi və müasir hərbi texnologiyaların ölkəyə gətirilməsi təmin olundu.
    Azərbaycan dövlətçiliyi tarix boyu mürəkkəb sınaqlardan keçsə də, müasir dövrdə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Azərbaycan regionun lider dövlətlərindən biri kimi bölgə siyasətini formalaşdıran əsas aktorlardan sayılır. Xüsusilə, enerji diplomatiyası, nəqliyyat dəhlizləri və hərbi gücün artırılması istiqamətində aparılan siyasət dövlətçiliyin möhkəmlənməsinə töhfə verib.
    Azərbaycanın müasir inkişafı və güclənməsi Prezident İlham Əliyevin uzaqgörən və çevik siyasəti ilə sıx bağlıdır. 2003-cü ildən etibarən onun rəhbərliyi altında həyata keçirilən islahatlar, strateji layihələr və beynəlxalq siyasətdə ba-lanslı yanaşma ölkənin regional və qlobal arenada mövqeyini gücləndirib. İlham Əliyevin liderliyi ilə Azərbaycanda siyasi sabitlik təmin olunub, iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyulub və sosial rifahın artırılması istiqamətində ardıcıl addımlar atılıb. Onun təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafına təkan verib, kənd təsərrüfatı, sənaye və texnologiya sahələrində modernizasiya aparılıb.
    Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində Azərbaycan regionda və dünyada mühüm enerji mərkəzinə çevrilib. O, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi”nin uğurlu davamçısı olaraq, ölkənin enerji resurslarının effektiv istifadəsini təmin edib və yeni qaz kəmərlərinin inşasına start verib. Onun təşəbbüsü ilə həyata keçirilən TANAP, TAP kimi enerji layihələri Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu artırıb. COP29-un Azərbaycanda keçirilməsi də məhz Prezident İlham Əliyevin ölkəni yaşıl enerji mərkəzinə çevirmək istiqamətində atdığı mühüm addımların nəticəsidir. Daha ətraflı »

  • 25Fev
    Şəhidlər Fevralın 28-i Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günüdür üçün şərhlər bağlıdır

    Şəhid analarının yaralı qəlbini ovutdu, özü də şəhidliyə ucaldı

    Düşünəndə ki, torpaq uğrunda necə və neçə igidlər həlak olub, az qala o torpağı hər gün qucaqlamaq, öpüb gözünün üstünə qoymaq istəyirsən… Onların hər birinin qarşısında sayğı duruşunda durmaq istəyirsən, amma görürsən ki, yenə də azdır. Belə igidlərimizdən biri də Tərtərimizin fəxri, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovdur. Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azad Qaraqoyunlu (İlxıçılar) kəndində doğulmuşdur. 1985–1988-ci illərdə Tərtər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988–1990-cı illərdə Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdır. Dəfələrlə rayon sovetinə deputat seçilmişdir.
    Elman müəllim Tərtərdə ilk döyüşə atılan qəhrəmanlardan biri idi. O, pərakəndə olan bütün döyüşçüləri bir yerə toplamağı bacarmışdı. Bərdə, Tərtər, Seydimli batalyonlarını birləşdirən komandir olmuşdu.
    Hər zaman Tərtərin qəhrəman oğulları haqqında söhbət düşəndə, mən onun adını çəkmək istəyirəm.
    Elman Hüseynov haqqında xatirələri ilk olaraq atamdan eşitmişdim. Bu yazı ilə bağlı yenə də atama, onun batalyonunda döyüşən insana suallar verdim və atamın cavablarından başa düşdüm ki, həqiqətən bir qəhrəman itirmişik.
    Öyrəndim ki, “Tərtər Özünümüdafiə Batalyonu”nun komandiri Elman Hüseynov çox ziyalı bir insan idi. Onun yanında döyüşçülər qorxu bilməzdi. Danışığı, hərəkətləri çox səliqəli idi. Əsgərlərinin yanında uzandığını, durduğunu heç kim görməzdi.
    “Tərtər Özünümüdafiə Batalyonu”nun yaranmasında böyük əməyi olub. Daha ətraflı »

  • 25Fev
    Xəbərlər QAYĞI üçün şərhlər bağlıdır

    Şəhid atası Cəmil Hacıyev ziyarət edilib

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində Vətən müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun ailəsini ziyarət edib, atası Cəmil Hacıyevi 65 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Qubad Hacıyev 1988-ci il may ayının 19-da Tərtər şəhərində anadan olub. Azərbaycan Or-dusunun kiçik çavuşu olan Qubad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubad Hacıyev oktyabrın 10-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Yevlax rayonunun Nəmirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qubad Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.

     

  • 25Fev
    Digər VƏTƏNDAŞLIQ BORCU üçün şərhlər bağlıdır

    Rayon rəhbəri Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun anası Gülnarə Salahovanı cərrahiyyə əməliyyatından sonra evində ziyarət edib, onun səhhəti və ailənin qayğıları ilə maraqlanıb.
    Qeyd edək ki, İntiqam Ağayev 1998-ci il mart ayının 1-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan İntiqam Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İntiqam Ağayev oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən İntiqam Ağayev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
    Görüş zamanı qeyd olunub ki, şəhid ailələrinə qayğı gös-tərilməsi hər birimizin vətəndaşlıq borcudur.